ABŞ İraqa Xirosimaya atdığı atom bombasından daha böyük ziyan vurub 

13:50 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ öz işğalı ilə İraqa vaxtilə Xirosimaya atdığı atom bombasından daha çox zərər vurub.

Hafta.az-ın The Guardian-a istinadən yazdığına görə, Dr. Kristofer Basbi və həmkarları tərəfindən aparılan araşdırmada Xirosimaya atom bombası atılması ilə İraqın Fəllucə bölgəsinə edilən hücumlar müqayisə edilib.

ABŞ 2004-cü ildə Fəllucəyə hücumlarında çoxlu qadağan olunmuş silahlardan, xüsusən də tükənmiş uran sursatlarından istifadə edib. Bu silahlar bölgədəki mülki əhalinin müxtəlif xəstəliklərlə üzləşməsinə səbəb olub.

Araşdırmaya görə, atom bombasının atıldığı Xirosima yaxınlığında Yaponiyada yaşayanlar arasında leykemiya halları radiasiya zirvəsinə çatdıqdan 12-13 il sonra 660 faiz artıb. Hansı ki, İraqın işğalı zamanı ABŞ-ın sürəkli bombardman etdiyi Fəllucədə hücumlardan 5-10 il sonra leykemiya xəstələrində orta hesabla 2200 faiz artım müşahidə olunub.

İraqlı həkimlər ABŞ-ın Fəllucəyə hücumundan sonra "mutant doğum və xərçəng nisbətlərində böyük artım olduğunu" bildiriblər.

ABŞ-ın bombardmanlarından sonra leykemiya hadisələrinin böyük artımına əlavə olaraq, Busbi və həmkarları uşaqlıq xərçəngi nisbətlərində 1260 faiz, beyin şişi hallarında isə 740 faiz artım üzə çıxarıblar. Araşdırmada həmçinin iraqlıların ABŞ-ın hücumları zamanı böyük miqdarda radiasiyaya məruz qaldığı və nəticədə qonşu Küveytlə müqayisədə körpə ölüm nisbətinin 820 faiz artdığı qeyd edilib.

Xirosima və Naqasakidəki xərçəng nisbətlərini Fəllucədən alınmış məlumatlarla müqayisə edən araşdırmada Dr. Basbi "Fəllucədə xərçəngin səviyyəsi heyrətləndirici idi" deyib və əlavə edib ki, Xirosimada radiasiyaya ən çox məruz qalanlarda aşkar edilən pik effekt bütün Fəllucədə aşkar edilən təsirdən qat-qat az idi.